“Ömrü boyu bircə kəlmə belə olsun yalan söz deməmiş, yazmamış. Kiməsə xoş gələn, kiminsə könlünə yatan bircə kəlmə də. O, acı sözlər deyirdi, xoşagəlməz mətləblərdən danışırdı və heç bir vaxt heç kimin qılığına girməyə çalışmırdı”.
Çünki onun üçün vətən sevgisi, özünüreklam vasitəsindən, yerini kimlərinsə yanında şirin etməkdən, pafoslu danışıqlardan çox uca idi. Axı, o, ƏBƏDİYAŞAR Mirzə Cəlil idi. Baxmayaraq ki, bu gün onu “qorxaq, arvadı qabağa verən” kimi tanıdan “soydaş”ları da var. Amma Mirzə Cəlil elə böyüklüyü, dahiliyi ilə Mirzə Cəlildir. Və elə qiymətini də zamanında, məkanında qədir-qiymət bilən KİŞİLƏR verib.
Bu gün Mirzə Cəlildən deyil, onun qardaşı Mirzə Ələkbərdən söz açmaq istərdim. O Ələkbərdən ki, Mirzəni bütün ailə-məişət problemlərindən uzaq tutaraq, ona yazıb-yaratmağa şərait yaradan və bütün məişət problemlərini öz üzərinə götürən, “Molla Nəsrəddin”in Təbrizdə nəşrinin təşəbbüskarı və abunə müvəkkillərinə başçlıq edən, Mirzənin ən sevimli qardaşı, amal, məslək yoldaşı Mirzə Ələkbərdən. Əslində elə Mirzə Cəlil çox cavan yaşında rəhmətə getmiş böyük qardaşı Yusifin və uşaqlıqda vəfat edən kiçik qardaşı Xəlilin də qoxusunu tək qardaşı Mirzə Ələkbərdən alırdı.
Məşədi Məhəmmədqulunun dörd oğlu, bir qızı var idi. Üçüncü oğlu Mirzə Ələkbər 1872-ci ildə anadan olub. Yaşıdları ilə birlikdə ilk təhsilini mədrəsədə almış Ələkbərin iti hafizəsi və yaxşı səsi olduğu üçün Mirzə Cəlil onun təhsilini davam etdirmək istəyib. Lakin ailə vəziyyətinin çətin olduğunu nəzərə alan Məhəmmədqulu kişi Ələkbəri kiçik məhəllə dükanında öz yanında işlətməli olub. Deyilənlərə görə alış-verişdə cəld və çevik olan Ələkbər 8-9 yaşında dükanı atası olmasa belə idarə edə bilirmiş. Odur ki, ailənin dolanacağı əsasən atasının və onun üzərinə düşüb.
“Ələkbər çox hazırcavab, şən, maraqlı həmsöhbət idi, farsca yaxşı bilirdi. Onun xoş avazı vardı, tar çalar, arada pəsdən oxuyurdu. Mən ilk dəfə onun oxumağını Kəhrizlidə eşitdim. Kəhrizlinin hörmətli adamlarından olan Kərbəlayi Cəfərin qızının toyu idi. Bütün ailəmizlə onlarda idik. Mirzə Cəlilin qardaşı Mirzə Ələkbər də bizimlə idi. Hamıya məlum idi ki, onun yaxşı oxumağı var. Məclis əhli təvəqqe etdi ki, bir ağız desin, ancaq o, boyun qaçırdı. Mən Ələkbərdən bir ağız oxumasını təvəqqi elədim. Ona qaval uzatdılar, alıb oxumağa başladı. Beləliklə, bizim də bəxtimiz gətirdi, Mirzə Ələkbərin gözəl səsini eşitdik” söyləyən Həmidə xanımla Mirzə Ələkbər arasında mehriban və hörmətli gəlin-qayın münasibətləri var imiş. Kəhrizlidə təsərrüfat işlərinə rəhbərlik edən Həmidə xanımın ən yaxın köməkçisi də elə Mirzə Ələkbər olub. “Mirzə Ələkbər hər şeyi sahmana salır, hər işi yoluna qoyur, təsərrüfatı işgüzarlıq və bacarıqla idarə edirdi”. Mirzə Ələkbər seminariya, gimnaziya təhsili görməsə də, maarifi, elmi, yeniliyi dəstəkləyən bir insan olub. İran Məşrutə hərəkatında Səttarxanın ən yaxın silahdaşı kimi mübarizə aparıb.
“Tərəqqi” qəzeti 11 may 1909-cu il tarixli sayında onu “ən məşhur Təbriz mücahidi” adlandırırdı. İnqilabi fəaliyyətinə görə Mirzə Ələkbəri həbs edirlər. Bu haqda Həmidə xanım yazırdı: “1910-cu ilin payızında Mirzə Cəlil kəndə gəldi və danışdı ki, inqilabi fəaliyyətinə görə 6 ildən bəri həbsdə olan qardaşı Ələkbəri İrəvan Dairə Məhkəməsi mühakimə edəcəkdir. İşdir asmasalar, katorqaya göndərilmək ehtimalı var. Cəlil çaşqınlıq içində idi, tez-tez deyirdi ki, qardaşının edamına dözə bilməyəcək, sürgün eləsələr ardınca Sibirə gedəcək. Əlbəttə onun bu böyük dərdinə mən də ortaq idim. Öyrəndim ki, iki nəfər ən etibarlı və ən yaxşı vəkil tapmaq lazımdır. Lazım olan 1.200 manatı düzəldib Cəlilə verdim. Cəlil İrəvana yola düşdü, ən yaxşı vəkilləri tapdı. Bu güclü vəkillərin sayəsində Dairə Məhkəməsi Mirzə Ələkbərə cəmi 2 ay həbs cəzası kəsdi. Hələ bundan əlavə onu şərti olaraq azadlığa buraxdılar və qardaşına təhvil verdilər”. Bu hadisədən sonra Həmidə xanım onu birdəfəlik olaraq Kəhrizlidə öz yanında saxlayır. Hətta Həmidə xanım Mirzə Ələkbərin 2 ay şərti cəzasının Şuşada çəkməsinə də nail olur. “1912-ci ilin yayında ailəmlə Şuşaya yaylağa getdim. Mirzə Ələkbəri də zorla özümlə apardım ki, ona kəsilən 2 ay şərti cəzanı Şuşada çəksin. Demək olar ki, hər gün ona yemək göndərirdim. Həbsxana həkimlərindən xahiş etmişdim ki, onu müalicə etsinlər və səhətini nəzarətdə saxlasınlar”. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən silah gücünə devrilməsi və ölkənin zorla işğal edilməsi ilə barışa bilməyən Mirzə Cəlili İrana üz tutmağa vadar edən qardaşı Mirzə Ələkbər olur. Bu səfərə çıxmağa tərəddüd göstərən Mirzə Cəlili Ələkbər xeyirli olacağına inandıra bilir. “Mirzə Ələkbər çox qətiyyətlə və inandırıcı danışırdı, çox fədakar və cəsur idi, onu həqiqi bir fədai adlandırmaq olardı. O, qorxmaz bir insan idi, bir qənaətə gəldimi heç kəs onun qarşısını ala bilməzdi. Öz əqidəsi yolunda 7 il rus zindanlarında zillət çəkmişdi. Yol karvanımıza özü nəzarət edirdi. Yol boyu demək olar ki, yatmır, hamıya, hər şeyə göz qoyurdu”.
Mirzə Cəlilin 1921-ci il fevralın 27-də Təbrizdə “Molla Nəsrəddin”in çapına icazə almasında da Mirzə Ələkbərin çox böyük rolu olub. “Mirzə Ələkbər burada özünü evindəki kimi hiss edirdi. O, Səttarxanın köməkçisi olmuşdu, ona görə də Təbrizdə geniş əlaqələri, yaxşı dost-tanışı və xeyli pərəstişkarı vardı”.
1922-ci ildə Mirzə Cəlil ailəsilə Bakıya dönür. Yenidən Mirzə Ələkbər Kəhrizlidə Həmidə xanıma məxsus təsərrüfatı idarə etməyə başlayır. Bir gün Mirzə Ələkbər Şuşadan qayıdarkən yolda onun paltosunu oğurlayırlar və bərk yağışa düşür, soyuqlayır. Bu hadisədən az sonra, o, yatağa düşür.
Mirzə Ələkbər xəstələnən ərəfədə Həmidə xanım da səpmə yatalağa yoluxur. “Mirzə Cəlil başını tamam itirmişdi. Bir otaqda vərəmdən umudsuz halda əriyən qardaşı, digər otaqda isə səpmə yatalağına yoluxan yoldaşı yatırdı”. Mirzə Cəlil qardaşının sağalması üçün nə qədər çalışsa da mümkün olmur. Mirzə Ələkbər 1922-ci il mayın 22 də vəfat edir.
“Mirzə Ələkbərin ölümü bizim üçün ağır itki oldu. Ondan sonra bizim ətrafımızda bir nəfər də olsun doğma adamımız qalmadı. Deyirdilər ki, ölümqabağı mənim də vəziyyətimin ağır olduğunu bilib gecə-gündüz yalvarıb-yaxarırmış ki, ay Allah, Həmidə xanımın yerinə mənim canımı al, mənim ömrümü kəs, ona ver, buna razıyam, təki bu uşaqlar anasız qalmasın”.
Yəqin ki, bu gün çoxları buna inanmayacaq. Çünki bu gün belə mehriban gəlin-qayın münasibətləri dövrümüz üçün inandırıcı deyil. Amma unutmayaq ki, bu, dövrdən, zamandan yox, tərbiyədən, əxlaqdan irəli gəlir.
Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist